15 İyun Milli Qurtuluş Günüdür!
2019-06-15 06:24:35
" Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir. "
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, erməni təcavüzü isə gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.
1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi.
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.
Ümummilli lider Heydər Əliyev çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.